Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Abbas Kəbi çıxış edərək bildirib ki, Xubriqan Məclisinin Təhqiqat Komissiyasının üzvləri dəfələrlə şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) hüzurunda olmuşlar. Bu görüşlərin birində o, xüsusi olaraq vurğulamışdır ki, rəhbərliyin əsas göstəriciləri və meyarları müəyyənləşdirilməli və qərarlar məhz həmin prinsiplər əsasında qəbul edilməlidir.
Ayətullah Kəbinin sözlərinə görə, komissiya ilkin mərhələdə bu məqsədlə xüsusi işçi komitəsi formalaşdırmışdır. Həmin komitənin tərkibinə mərhum Seyid Mahmud Şahrudi, şəhid Seyid İbrahim Rəisi, Seyid Əhməd Xatəmi, Möhsin Qumi və Ayətullah Abbas Kəbi daxil olmuşlar. Komitə rəhbərlik üçün zəruri olan meyar və prinsipləri müəyyənləşdirmiş, sonrakı görüşlərdə isə bu prosesin gedişi, eləcə də hazırlanmış meyarlar barədə şəhid Ayətullah Xameneini məlumatlandırmışdır.
Ayətullah Kəbinin sözlərinə görə, Ayətullah Xamenei həmin görüşlərin birində belə buyurmuşdur: Bütün xüsusiyyətlər arasında rəhbərin maliyyə işləri barədə diqqət və təqvası birinci dərəcəli əhəmiyyət daşıyır. Çünki rəhbərliyin geniş səlahiyyət və məsuliyyətləri nəzərə alındıqda, maliyyə sahəsində baş verə biləcək hər hansı bir azğınlıq digər sahələrə də sirayət edə bilər. Buna görə də rəhbərin maliyyə işlərdə xüsusi diqqət və təqvasına daha ciddi diqqət yetirilməlidir.
O əlavə etmişdir ki, Təhqiqat Komissiyasının digər iclaslarında da şəhid Ayətullah Seyid Əli Xamenei gələcək rəhbərin İslam İnqilabının əsaslarına möhkəm və köklü bağlılığına, siyasi və ictimai bəsirətə, eləcə də düşməni və fitnələri tanımaq qabiliyyətinə malik olmasına xüsusi diqqət yetirmişdir. Eyni zamanda, o, xüsusilə qlobal hegemonizmə qarşı mübarizə ruhiyyəsinin qorunması, ABŞ və sionist rejimə qarşı müqavimət xəttinə sadiqlik və bu istiqamətdə iman və qətiyyətin zəruriliyini vurğulamışdır.
Xubriqan Məclisinin beşinci dövrünün sonlarına yaxın baş tutan Təhqiqat Komissiyasının digər iclaslarından birində məclisdə Əlborz vilayətini təmsil edən Höccətül-İslam Kazəruni çıxışı zamanı şəhid Ayətullah Seyid Əli Xameneidən belə bir xahiş edərək bildirmişdir ki, əgər gələcək rəhbər üçün konkret bir şəxsə işarə etmək niyyətində deyilsə, heç olmasa müəyyən işarələr və istiqamətlər göstərsin ki, Xubriqan Məclisi Ruhullah Xomeyninin vaxtilə ona etdiyi işarədə olduğu kimi doğru yolu müəyyənləşdirə bilsin.
Şəhid Ayətullah üzma Xamenei (Allah ona rəhmət eləsin) cavabında belə buyurmuşdur: Buna ehtiyac yoxdur. Narahat olmayın. Allah sizə kömək edəcək ki, doğru yolu tapasınız. O daha sonra əlavə edərək bildirib: İmam Xomeyninin (r) vəfatından sonra biz sanki qaranlıq bir dəhlizə daxil olmuşduq. Lakin Allahın yardımı və İmam Məhdinin (ə.f) lütf və inayəti sayəsində yol aydınlaşdı. İndi isə vəziyyət o cür deyil. Müəyyən işarələr və imkanlar mövcuddur. Siz yolu tapacaqsınız və uca Allah da qəlbləri doğru istiqamətə yönəldəcək.
Bundan qabaq isə Xubriqan Məclisinin 107 və 109-cu maddələri üzrə fəaliyyət göstərən üç nəfərlik komitədə mərhum Məhəmməd Yəzdi, Möhsün Müctəhid Şəbestəri və Əli Vafinin iştirakı ilə şəhid Ayətullah Xameneiyə gələcək rəhbərlik məsələsində konkret şəxslərə dair mövqe bildirməsi üçün israr edilmişdi. Lakin o, hər hansı müəyyən namizəd göstərməkdən imtina edərək belə demişdi: "Bu iş Xubriqan Məclisinin vəzifəsidir.” Hətta komitə üzvləri özlərinin nəzərdə tutduqları namizədlər barədə məlumat vermək istədikdə belə, o, konkret adların səsləndirilməsini dinləməyə razılıq verməmişdi.
Beləliklə, mövcud bütün dəlil və göstəricilərdən aydın olur ki, şəhid Ayətullah üzma Xameneinin mövqeyinə görə rəhbərlik məsələsi barədə qərar Xubriqan Məclisi tərəfindən müəyyən edilmiş meyarlar, göstəricilər, habelə qanun və dini qanunlar əsasında qəbul edilməlidir. O, gələcək rəhbərliklə bağlı nə xüsusi bir vəsiyyət etmiş, nə konkret bir namizəd göstərmiş, nə də bu barədə hər hansı bir fikir bildirmişdir.
Müvəffəqiyyət yalnız Allahdandır
Rəyiniz